Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub

Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
Mədəniyyət siyasəti
11 Noyabr , 2023 10:04
Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak edir.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri bildirib ki, bu gün Azərbaycan dövləti kitab sənayesinə, eləcə də gənc yazarların inkişafına xüsusi diqqət yetirir: “Kitab sərgisi çərçivəsində kitabların toplanması üçün bir sıra vacib tədbirlər görülüb”.

A.Kərimli işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdığı kitabxanalardan da danışıb: “İşğaldan azad olunmuş bölgələrdə kitablar və kitabxanalar ciddi ziyan görüb. Biz də həmin kitabların sərgiyə gətirib burada nümayiş olunması üçün xüsusi işlər görmüşük. 30 il işğal dövrü ərzində Azərbaycan mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona qədər kitab fondu tamamilə məhv edilib. Bütün bunların bərpa edilməsi və Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq".

Ombudsman Səbinə Əliyeva da öz növbəsində əhali arasında hüquqi maarifləndirmə işinə xüsusi diqqət yetirildiyini deyib: “Bu istiqamətdə hüquq kitabxanasının əsasını qoymuşuq. Çap etdiyimiz hüquq üzrə kitablar beynəlxalq kitabxanalarda, universitetlərdə tədris və nümayiş olunur. Hüquq elminin inkişafı üçün ilk dəfə İnsan Hüquqları Kitabxanası yaratmışıq. Kitabxana fondunun əsasını isə yerli və xarici nəşrlərdən ibarət 11 000-dən artıq kitab təşkil edir. Burada Azərbaycan və rus dillərində hüquq elminin müxtəlif sahələrinə aid kitablar nümayiş olunur”.

Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərginin fəxri qonaq ölkəsi olan Rusiyanın kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrində müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamlarının da sərgidə iştirak edəcəyi gözlənilir.

Eyni zamanda Türkiyənin görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunur.

Sərgi noyabrın 15-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi