Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Bakı I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bilet satışı üzrə məsul şəxsi Miryam Bogataj arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Belə ki, Avropa Oyunları üçün turizm şirkətləri vasitəsilə bilet satışının həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətləri və BAOƏK arasında dəyirmi masa təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, BAOƏK tərəfindən bilet satışı ilə bağlı yaradılmış yeni sayt Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən CNN, "Euronews" və digər xarici televiziya kanalları vasitəsilə reklam olunacaq.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində BAOƏK tərəfindən bilet satışının həyata keçirilməsi üçün müvafiq lövhənin quraşdırılması ilə bağlı təklif irəli sürülüb.
Sonda BAOƏK tərəfindən Bakıda quraşdırılacaq informasiya məntəqələrində turizm xarakterli məlumatların da yer alması müzakirə olunub.
Qeyd edək ki, hazırda Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Qala Qoruğunda və İçərişəhər Tarix-Memarlıq Qoruğunda turizm informasiya mərkəzləri mövcuddur.