Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli noyabrın 30-da Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alin Bayel ilə görüşüb.
Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Səfir Alin Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə, həmçinin 2-5 dekabr tarixlərində ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.