Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu ölkənin Milli Muzeyinə baş çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, muzeyin direktoru David Lordkipanidze Azərbaycan nümayəndə heyətini muzeyin zəngin və unikal ekspozisiyası ilə tanış edib.
Muzeyin bir sərgi zalında qonaqlar Azərbaycan və Şərq kolleksiyasından olan bəzi eksponatlar və Bakının tarixi fotoşəkilləri ilə tanış olublar.
Daha sonra A.Kərimov muzeyin rəhbəri ilə görüş keçirib. Tərəflər Azərbaycan və Gürcüstanın muzeyləri arasında əlaqələr, əməkdaşlığın dərinləşdirilməsi və digər məsələləri müzakirə ediblər.
Görüşdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli də iştirak edib.