“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Qurama Festivalına start verilib.
"Report" xəbər verir ki, festivalın açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutub.
20-22 iyun 2024-cü il tarixlərində davam edəcək festivalın açılışında dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev giriş nitqi ilə çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yansıdan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.
Açılış tədbirində bildirilib ki, unudulmaq təhlükəsi yaşayan quramanın təbliğinə xidmət edən festivalın Bakı ilə yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini də əhatə edəcəyi nəzərdə tutulur.
Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunacaq.