"Azərbaycanda arxeoloji turizm" adlı info-tur keçirilir

"Azərbaycanda arxeoloji turizm" adlı info-tur keçirilir İnfo-tur çərçivəsində turizm şirkətlərinin nümayəndələri və mətbuat təmsilçiləri 5 rayonda olacaqlar
Mədəniyyət siyasəti
20 Oktyabr , 2015 12:22
Azərbaycanda arxeoloji turizm adlı info-tur keçirilir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Azərbaycanda arxeoloji turizm" adlı mədəni turizm marşrutuna start verilib. Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, info-turun ilk ünvanı Çuxur-Qəbələ olub. İştirakçılar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ərazisi 6150 kvadratmetr olan mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Sərgi zalında 2013-cü ildə Səlbir ərazisindən tapılan II-III əsrlərə aid qoşa qəbir, o cümlədən müxtəlif dövrlərə aid eksponatlar nümayiş olunur.

Sonra iştirakçılar Səlbir ərazisində tapılan qədim yaşayış məskəninin qalıqları ilə tanış olublar.

Daha sonra onlar Şəki rayonunun Fazıl kəndində yerləşən "Labirint" praktiki arxeologiya muzeyini ziyarət ediblər.

Muzeyin yaradıcısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov "Əbədi sükut dünyası" adlanan yeraltı muzey barədə məlumat verib. Bildirib ki, muzey 2006-cı ildə yaradılıb. Əsas özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildiyi yerdə saxlanılır. Muzeydə 11 ekspozisiyada 14 qəbir abidəsi var. Azərbaycan xalqının, Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar bu qəbirlərdə əksini tapıb.

Qeyd edək ki, arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği məqsədilə təşkil olunan info-tur oktyabrın 21-də başa çatacaq. İştirakçılar Tovuz, Şəmkir və Ağsuda qədim yaşayış məskənlərinə ekskursiya edəcəklər.

Son xəbərlər

Orphus sistemi