Tariximizi qorumaq, dəyər vermək hər birimizin borcudur. Azərbaycanda yüz illər öncədən bu günümüzə qədər gəlib çatan xeyli sayda abidə var. Lakin bu abidələrin gələcək nəsillərə ötürülməsi sual altındadır. Elə Balakən rayonunda yerləşən Arılıqbinə məbədi kimi.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, məbədin ətrafı kol-kosdan mütəmadi təmizlənilsə də əsaslı təmirə ciddi ehtiyac var. Uzun müddətdir baxımsız qalan məbədin tamamilə dağılmaq təhlükəsi yaranıb.
Arılıqbinə məbəd kompleksi Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, yoldan 1 kilometr şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Çay daşı ilə tikilmiş hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər var. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindən hesab olunur. Məbədə dayanıqlıq və gözəllik verən divarların bir hissəsi artıq dağılıb.
Bu vaxta qədər Arılıqbinə məbədində bərpa işləri aparılmayıb. Əsas yoldan məbədə qədər olan 1 kilometrlik yol üzərində isə istiqamətləndirici və məbədin adı yazılmış lövhə yoxdur.
Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin tarixi abidələrin mühafizəçisi Abdulla Çobanov "Report"un yerli bürosuna bildirib ki, hər ayın sonunda məbədinin ətrafı kol-kosdan təmizlənir: "Arılıqbinə məbəd kompleksinin restavrasiyası ilə bağlı isə heç bir açıqlama verə bilmərəm, bu iş mənim səlahiyyətimdə deyil. Mən yalnız abidələrin mühafizəsi və ətrafının təmizliyinə cavabdehəm".