Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olunub

    Yeni direktoru kollektivə nazir Əbülfəs Qarayev təqdim edib

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olunub.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

    Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib. Tədbirdə nazir Əbülfəs Qarayev çıxış edib.

    Nazir qeyd edib ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır: "Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu, o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik".

    Daha sonra Əbülfəs Qarayev muzeyə yeni təyin olunmuş direktor Şirin Məlikovanı kollektivə təqdim edib, ona gələcək işlərində uğurlar arzulayıb.

    Qeyd edək ki, Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

    Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən, həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi