Azərbaycan və İran arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İran da təşkil olunan 33-cü Tehran Beynəlxalq Kitab sərgisində iştirakı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani arasında görüş təşkil olunub.
Görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub.
Qeyd edək ki, 33-cü Tehran Beynəlxalq Kitab Sərgisi may ayının 21-ə kimi davam edəcək.