Yuxarı

Azərbaycanın növbəti turizm nümayəndəliyi İstanbulda açılacaq

Bu, xarici ölkələrdə açılacaq dördüncü turizm nümayəndəliyi olacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu məqsədlə nazirlik ilə İstanbul şəhərində fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.

Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycanın turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaq.

Fevralın 29-da İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula-1” yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Xatırladaq ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi BƏƏ-də və Almaniyada, fevralın 24-dən isə Rusiyada fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi