Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yubileyi münasibətilə konsert keçirilib

Mədəniyyət siyasəti
  • 25 may, 2022
  • 13:47
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yubileyi münasibətilə konsert keçirilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illik yubileyi münasibətilə təntənəli konsert keçirilib.

"Report" xəbər verir ki, konsert proqramı filarmoniyanın zalında gerçəkləşib.

Əvvəlcə qonaqlara filarmoniyanın girişində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Həmçinin uşaq flarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri tərəfindən qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa edilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, nədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Daha sonra nazir A.Kərimov çıxış edib. O bildirib ki, mədəniyyəti əyləncə kimi deyil, strateji istiqamət kimi görmək lazımdır. O, filarmoniyanın Azərbaycan gənclərinin və uşaqların vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rolu olduğunu vurğulayıb.

Daha sonra filarmoniyanın mədəni həyatında xüsusi rolu olan, öz işlərini layiqincə yerinə yetirən müəllimlər - Cahangir Zülfüqarov, Nigar Zeynalova, Qönçə Mehdiyeva, Mətanət Məmmədova, Leyla Muradzadə, Leyla Aslanova, Elmira Hümbətova, Aysel Mehdizadə fəxri fərmanlarla təltif olunublar.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yubiley konserti tamaşaçıların yaddaşında xoş təəssüratlarla həkk olunaraq gurultulu alqış sədaları altında başa çatıb.