Bakı. 21 aprel. REPORT.AZ/ Almatıda aprelin 23-nə qədər davam edəcək "Türk dünyasının musiqisi" tədqiqatçılar qrupunun V beynəlxalq simpoziumunun açılış mərasimi keçirilib.
"Report" "Inform.kz" portalına istinadən xəbər verir ki, cari simpozium "səsdən alətə qədər: türk dünyasının ənənəvi mədəni irsinin səs fenomeni" mövzusu ətrafındadır. Simpozium Qazaxıstan Milli Konservatoriyası ilə Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) birgə təşkilatçılığı ilə keçirilir.
Simpoziumun işində dünyanın müxtəlif ölkələrindən - Böyük Britaniya, Almaniya, İtaliya, Hollandiya, eləcə də Azərbaycan, Türkmənistan, Qırğızıstan, Rusiya, Qazaxıstandan aparıcı alimlər iştirak edir. Simpozium çərçivəsində iki konsert də planlaşdırılır. Eyni zamanda iştirakçıların özlərinin gətirdikləri yeni elmi nəşrlərin sərgisi olacaq.