Bakı.24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2009-cu ildən start verilən və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi 2015” film festivalının təntənəli açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Universitetin müəllim və tələbələrinin iştirak etdiyi mərasimi ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, festivalın mövzusu, məqsəd və vəzifələrindən geniş məlumat verərək, bu ildən həmçinin festival çərçivəsində “Həyatdan şəkilə” adlı foto müsabiqəyə də start verildiyini vurğulayıb.
Qeyd olunub ki, festivalın əhəmiyyəti tələbələrə öz imza və adlarını tanıtmaq üçün yaradılan ən yaxşı imkandır.