Yuxarı

Avstriyanın tanınmış yay-qış turizm regionunda Azərbaycan musiqisi və mətbəxi təqdim olunub

Haqverdiyev Azərbaycan xalçalarının İrəvan qrupuna aid kitabı şəhər meriyasına hədiyyə edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Avstriyanın ən füsunkar təbiətə malik Karintiya əyalətində, Alp dağlarının qoynunda yerləşən və yay-qış idmanı imkanlarına görə məşhur olan Hayliqenblut regionunda Azərbaycan musiqisi və mətbəxinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzi və Hayliqenblut qəsəbəsində yerləşən „Hotel Rupertihaus“ otelinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə yerli bələdiyyə və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan otelin sahibi Fərid Haqverdiyev Azərbaycan mədəniyyəti, musiqisi və mətbəxi barədə ümumi məlumat verib. Azərbaycan və Avstriya arasında oxşar cəhətlərə toxunan F. Haqverdiyev Avstriyanın ən yüksək dağı Qrossqloknerin ətəklərində yerləşən bu turizm regionunda gələcəkdə hər iki ölkənin mədəni əlaqələrini yaxınlaşdırmağa xidmət edən tədbirlərə geniş yer veriləcəyini vurğulayıb.

Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner Azərbaycan mədəniyyəti, mətbəxi və musiqisini tanıtmağa təşəbbüs göstərənlərə təşəkkür edib. O qeyd edib ki, sırf turizm regionu olan Hayliqenblutda yerli əhali üçün Azərbaycanla və onun rəngarəng mədəniyyəti ilə tanış olmaq çox xoşdur. Bu ilin avqust ayında Azərbaycan musiqiçilərinin bu qəsəbədəki klassik konsertini məmnunluqla xatırladan Y. Şaxner gələcəkdə də Azərbaycan incəsənətini təqdim edildiyi tədbirlərin ənənə halını alacağına ümidvar olduğunu bildirib.

F. Haqverdiyev Azərbaycan xalçalarının İrəvan qrupuna aid kitabı şəhər meriyasına hədiyyə edib.

Gənc tar ifaçısı Arslan Növrəsli tarda Azərbaycan milli musiqi parçalarını səsləndirib. Sonra qonaqlara Azərbaycandan dəvət olunmuş aşpazın hazırladığı milli xörəklər təqdim olunub.

Oteldə, həmçinin Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə aid kitablar nümayiş edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi