Türkiyənin paytaxtı Ankarada Qafqaz Rəqs Ansamblının konsertində Azərbaycan milli rəqsləri təqdim edilib.
“Report”un Ankara bürosu xəbər verir ki, Türkiyənin Təhsil Nazirliyinin Böyük Şura Salonunda Qafqaz Rəqs Ansamblının (Kafkas Dans Topluluğu) hesabat konsertində Azərbaycanın bu ölkədəki səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin, TRT kanalının rəhbərliyi, müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri iştirak ediblər.
Konsert proqramından öncə Ankarada fəaliyyət göstərən, əsasən Türkiyənin Qars, İğdır bölgələrində yaşayan Azərbaycan əsilli və digər Qafqaz mənşəli insanların rəqs dərnəyindəki fəaliyyəti haqqında məlumat verilib.
Sonra Qafqaz Rəqs Ansamblının çıxışları olub. Ansambl Qafqaz xalqlarının milli rəqslərini kollektiv və fərdi qaydada icra edib, habelə bir sıra teatrlaşdırılmış rəqs səhnələri təqdim ediblər.
“Azərbaycan suitası”, “Naz eləmə”, “Uzundərə”, “Nəlbəki” və b. xalq rəqslərimiz nümayiş edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, ölkəmizin mədəniyyətinin ayrılmaz hissəsi olan rəqs sənətinin xalqımızın tarixi qədər qədim olduğunu deyib. Bunun sübutu olaraq Azərbaycanın Qobustan bölgəsində qədim insanların yaşayış məskənlərindəki qayaların üzərində nəqş olunan rəsmlərdə də toplu rəqs elementlərinin əks olundunu bildirib.