Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, nazir Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə əklil qoyub.
Ziyarətdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak ediblər.
Daha sonra A.Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək. Nazirlər mətbuat üçün birgə brifinq keçirəcəklər.
Görüşdən sonra nazir Tbilisidə Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edəcək.
A.Kərimovun bu gün həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və Tbilisi meri Kaxa Kaladze ilə də görüşü planlaşdırılıb.
Səfər iyulun 9-dək davam edəcək.