Anar Kərimov Naxçıvanın mədəniyyət müəssisələrinə baş çəkib - YENİLƏNİB

Anar Kərimov Naxçıvanın mədəniyyət müəssisələrinə baş çəkib - YENİLƏNİB Mədəniyyət naziri Anar Kərimovun aprelin 25-də Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.
Mədəniyyət siyasəti
25 Aprel , 2022 17:38
Anar Kərimov Naxçıvanın mədəniyyət müəssisələrinə baş çəkib - YENİLƏNİB

Mədəniyyət naziri Anar Kərimov Naxçıvana səfəri davam edir.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, nazir səfər çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyinə baş çəkib.

Muzeylə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələr üçün müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.

Daha sonra mədəniyyət nazirinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəlişi zamanı Muzey Kompleksi barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir. Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu memarlıq kompleksi yerli sakinlərlə yanaşı, qonaqlar eləcə də xarici ölkələrdən gələn turistlər tərəfindən də böyük həvəslə ziyarət olunur.

16.07

Mədəniyyət naziri Anar Kərimovun aprelin 25-də Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüb.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılmış Heydər Əliyev Muzeyinə ziyarət təşkil olunub. Muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncamlar və digər sənədlər toplanılıb. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Daha sonra Anar Kərimovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü baş tutub. Nazir Naxçıvanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb. Azərbaycanın tarixi, mədəniyyəti üçün əhəmiyyəti olan tədbirlərin həyata keçirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin reallaşdırılması imkanı müzakirə olunub. Həmçinin Naxçıvanın dahi şəxsiyyətləri, zəngin mədəni irsi və tarixi abidələrindən geniş söhbət açılıb.

Görüşün sonunda Anar Kərimov Vasif Talıbova “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.

Son xəbərlər

Orphus sistemi