Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu Mədəniyyət Nazirliyinin kollektivinə təqdim edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin struktur bölmə rəhbərləri iştirak ediblər.
F.Əliyeva çıxış edərək dövlət başçısının iyulun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Anar Kərimov məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Azərbaycanın UNECSO-dakı daimi nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti eyni zamanda mədəniyyət sahəsi ilə sıx bağlı olub. Qeyd edilib ki, Anar Kərimov Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması, həmçinin mədəni irsimizin tanınması və təbliği işində fəal iştirak edib, bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, Anar Kərimovun həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Fərəh Əliyeva ümidvar olduğunu bildirib ki, o, bu yüksək etimadın öhdəsindən gələcək. Qeyd edibi ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə, o cümlədən yerlərdə uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, mədəniyyət evləri, muzeylər və s. müəssisələrin fəaliyyəti ilə bağlı bir müddət əvvəl başlanan islahatlar prosesi davam etdirilməlidir.
Prezident Administrasiyasının şöbə müdiri Anar Kərimova və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Anar Kərimov ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirliyin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri olub. Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quracağını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir. Bunun üçün bütün sahələr üzrə mövcud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.
Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.
Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.