"Biz Türkiyədə olan zaman film istehsalı ilə məşğul olan şirkətlərlə görüşlərimiz oldu və orada filmlərin birgə çəkilməsi müzakirə olundu".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Birgə çəkilmək o deməkdir ki, Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Hələ ki, konkret ad çəkmək düzgün deyil. Bununla bağlı qərar qəbul edilməyib. Biz layihələri nəzərdən keçirəcəyik. Mövzu bəllidir - 44 günlük Vətən müharibəsindən, Xocalı soyqırımından bəhs edən filmlər olacaq. Amma bunların hansı formatda olacağını və rejissorlarının kim olacağını demək hələ tezdir. Layihələr çoxdur. Biz onların hamısını nəzərdən keçirib, ən optimalını seçəcəyik. Nə aktyorlarımız, nə də rejissorlarımız bu prosesdən kənarda qalacaq"- nazir bildirib.