"Vətən müharibəsindən sonra YUNESKO-nun Azərbaycana qarşı qərəzli bəyanatlarını gördük. Ancaq onlar öz səhvlərini başa düşdülər və hazırda daha konstruktiv mövqedən çıxış edirlər".
"Report" xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycan YUNESKO-dan ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe gözləyir: "Biz onlardan işğal olunmuş ərazilərdə monitorinq missiyası keçirməsini istəmişdik, amma təəssüflər olsun heç biri aparılmırdı. Onların Vətən müharibəsindən sonra etdiyi bəyanatlar bizi qane etmədi. Biz sərt mövqeyimizi bildirdikdən sonra isə Azərbaycanla şantaj dilində danışmağın mümkün olmadığını başa düşdülər. Çünki biz başqa Azərbaycanıq. İndi biz YUNESKO-nun mövqeyində konstruktiv yanaşmaları müşahidə edirik. YUNESKO-nun Azərbaycana texniki missiyasının gəlməsi gözlənilir. Bu danışıqlar heç də asan keçmir, ancaq biz mövqeyimizdən dönmürük. Məqsədimiz də ondan ibarətdir ki, nümayəndələr gəlib Qarabağda erməni cinayətlərinin, vandallıqlarının şahidi olsunlar".