"Bugünkü tədbir hər bizimiz üçün böyük imkandır. Burada mədəniyyət və sülhün qarşılıqlı əlaqələrini müzakirə edəcəyik".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təşəbbüs 2021-ci ilin yanvar ayında yaranıb: "Azad edilən ərazilərə səfər zamanı dağıntıların miqyasını gördük. Biz başa düşdük ki, oranı bərpa etmək üçün dayanıqlı sülh lazımdır. Bununla da sülh ideyası yarandı. Mədəniyyət naminə sülhü təşviq etməyin lazım olduğunu bildik. Sülh və mədəniyyət anlayışları arasında qarşılıqlı əlaqə var. Mədəniyyətin çiçəklənməsi üçün sülh lazımdır. Burada təkcə fiziki bərpadan getmir. Eyni zamanda insanlar arasında münasibətlər də bərpa olunmalıdır".
Nazir bildirib ki, Azərbaycan uzunmüddətli sülhə hazırdır və bölgədə dayanıqlı inkişafın təmin edilməsində maraqlıdır: "Təşəbbüsün nəticəsi ilə əlaqədar bir sıra proqramlar nəzərdə tutulub. İrəli sürdüyümüz təşəbbüsləri dəstəkləmələri üçün ölkələrə müraciət edirəm. Çünki sülh mədəniyyət üçün çox vacibdir".