Balakən rayonunun Talalar kəndi ərazisində yerləşən və unikallığı ilə seçilən Nur kilsəsi baxımsız və dağıntılara məruz qaldığı üçün məhv olmaq üzrədir.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Nur kilsəsi Alban dövrünün erkən xristian abidələrinin ən unikalıdır.
Abidə düzbucaqlı olmaqla iki hissədən ibarətdir. Birinci hissə 10 metrlik ibadət zalı, ikinci hissə isə 9-11-ci əsrlərdə inşa edilmiş Zəy qülləsidir.
Tarixçilərin sözlərinə görə, abidənin V əsrdə inşa edilməsi ehtimal olunur.
Tarixçi Akif Məmmədli deyir ki, əgər burada arxeoloji qazıntılar aparılarsa, alt hissədə daha bir ay məbədinin də olması ehtimallar arasındadır. "Beləliklə möhtəşəm məbədin tarixi bəlkə də 1500 ilə qədər gedib çıxır. Abidənin günümüzə qədər gəlib çıxması həmin vaxt onun çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilməsi ilə əlaqələndirilir. Ancaq abidənin baxımsız vəziyyətdə olması zaman keçdikcə aşınmalara səbəb olub. Təqribən 30 il öncəyə qədər abidəyə dayanıqlıq və gözəllik verən zəy qülləsinin sütunları qalmaqda idi. Lakin hazırda qüllənin sütunlarından biri dağılaraq ətrafa səpələnib. Əgər abidə restavrasiya edilməsə, yaxın vaxtlara tamamilə dağılaraq məhv ola bilər".
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Nur kilsəsi Mədəniyyət Nazirliyi tərəfindən qorunan məbəddir.
Xidmətin şöbə müdiri Nuridə Allahyar bildirib ki, Nazirlər Kabinetinin 132 saylı qərarına uyğun olaraq dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına daxil edilməsə də, Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunan abidələrin siyahısına daxil edilib: "Eyni zamanda həmin abidə investisiya siyahısına daxil edilib. Abidənin təmiri-bərpası və investisiya siyahısına daxil olan abidələrin investisiya ayrıldıqdan sonra mərhələli şəkildə təmir-bərpası təmin oluna bilər".