Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir.
Nazirlikdən “Report”a verilən məlumata görə, aksiya çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki şəhərində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib.
Tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Raulya Turkkan, səhnə tərtibatçısı Səmra Axundova, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Şəkili sənətsevərlər tamaşanı böyük maraqla qarşılayıblar. Şövqlü aktyor oyunu, nağılvari dekorasiya, təsirli musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, ötən ilin əvvəllərindən həyata keçirilən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.