Avropa İttifaqının (Aİ) Milli Mədəniyyət İnstitutları (EUNIC) klasteri genişləndiyini elan ediblər. Gürcüstan və Moldova assosiativ üzv, Ukrayna isə klasterin tərəfdaşı olub.
“Report” xəbər verir ki, Latviyanın sədrliyi dövründə Assosiasiyanın genişləndirilməsində məqsəd Ukrayna ilə həmrəylik nümayiş etdirməkdir.
Latviyanın Azərbaycandakı səfirliyinin müşaviri Via Buşa qeyd edib ki, platformanın genişləndirilməsi təşəbbüsünü Polşanın Azərbaycandakı səfiri Rafal Poborski irəli sürüb: “EUNIC-ə sədrliyimiz dövründə səfirlik mədəniyyət sahəsində bir çox tədbirlər təşkil edib: Avropa dilləri, ədəbiyyatı günü və s. bura aiddir”.
Öz növbəsində Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya vurğulayıb ki, klasterin genişləndirilməsinin məqsədi Ukrayna ilə həmrəylikdir. Bu, bir çox Avropa dövlətlərinin siyasətinin mühüm tərkib hissələrindən biridir: “Biz gələcəyə ümidlə baxırıq, bu, sədrliyimizin çox fəal dövrü idi, bir sıra sahələrdə çox böyük işlər görülüb”.
Tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın gələcəkdə klasterin bütün təşəbbüslərini dəstəkləməyə hazır olduğunu qeyd edib: “Biz yeni təşəbbüsləri səbirsizliklə gözləyirik. Yeni assosiativ üzvlər və tərəfdaşlarla biz Avropa mədəniyyətini daha yaxşı təşviq edə biləcəyik”.
Azərbaycandakı EUNIC klasteri 2020-ci ildə Macarıstan səfirliyinin sədrliyi ilə yaradılıb, 2021-ci ildə isə sədrlik Çexiya səfirliyinə keçib. Hazırda Assosiasiyanın üzvləri Çexiya, Macarıstan, Yunanıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İspaniya səfirlikləridir. Britaniya Şurası, Gürcüstan və Moldova səfirlikləri assosiativ üzv, Ukrayna isə klaster tərəfdaşı statusu alıb.