Əqli Mülkiyyət Agentliyi Gürcüstan TV-lərində “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsi ilə bağlı göndərdiyi etiraza cavab gözləyir.
Bunu "Report"un sualını cavablandıran Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Gürcüstanın "1TV.CE", “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus “Basqalı” rəqsinin “Somxuri şalaxo - erməni şalaxosu” kimi təqdim edilməsi, eləcə də “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsi ilə bağlı etiraz məktubu göndərilib.
Sədrin sözlərinə görə, ermənilər tərəfindən müəllif hüquqlarının oğurlanması faktları ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmalar aparır və ona reaksiya verir: "Bütün plagiat materiallar istər tarixi, istərsə də etimoloji və ya hüquqi cəhətdən ifşa edilir. Gürcüstan bizə dost ölkədir. İndi seçkilərə görə gürcülərin başı bir az qarışıb. Bizə verəcəkləri cavab və təklifləri gözləyirik".