Yuxarı

Prezident İlham Əliyev xalq artisti Afaq Bəşirqızını yubileyi münasibətilə təbrik edib

Dövlət başçısı Afaq Bəşir qızının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam da imzalayıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artisti Afaq Bəşirqızını yubileyi münasibətilə təbrik edib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli Afaq xanım!

Sizi – müasir Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəmizdə teatr və kino sənətinin inkişafında Sizin özünəməxsus xidmətləriniz vardır. Siz yaradıcılıq aləminə qədəm qoyduğunuz ilk vaxtlardan tanınıb sevilərək təkrarolunmaz ifa üslubuna malik sənətkar kimi tamaşaçıların hüsn-rəğbətini qazanmısınız. Qırx ildən artıq dövrü əhatə edən sənət fəaliyyətiniz ərzində ustalıqla yaratdığınız dolğun və rəngarəng surətlər həmişə öz incə yumoru və yüksək dramatizmi ilə seçilərək qəlblərə yol tapmışdır. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu obrazlar silsiləsi sənətin incəliklərinə necə dərindən bələd olduğunuzu nümayiş etdirir.

Milli teatrın zəngin ənənələrinə sadiq qalaraq uzunmüddətli səhnə həyatı verdiyiniz çoxsaylı rollarda ən maraqlı, komik məqamları məharətlə üzə çıxarmış və gülüşün böyük tərbiyəvi əhəmiyyət daşıdığını bir daha sübuta yetirmisiniz. Bədii filmlərdə canlandırdığınız obrazlar məhz istedadınızın gücü sayəsində Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş unudulmaz səhifələrindəndir.

Ölkəmizdə və onun hüdudlarından uzaqlarda qastrol səfərlərindəki çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmisiniz. İnanıram ki, yaradıcılığınızdan hələ neçə-neçə sənətkar bəhrələnəcək və mədəniyyətimizin daha da çiçəklənməsi naminə töhfələr verəcəkdir.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram".

Dövlət başçısı həmçinin Afaq Bəşir qızı Səfərovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla A.Səfərova Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi