Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün "ADA" Universitetində IV Beynəlxalq Festivalın açılışı olub. "Report" xəbər verir ki, tədbirdə universitetdə təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri ölkələrinin mədəniyyət nümunələrini əks etdirən stendlər, müxtəlif informasiya kitabçalarını, milli mətbəx nümunələrini təqdim ediblər.
Festivalın açılış mərasimində çıxış edən "ADA" Universitetinin rektor müavini Fariz İsmayılzadə bildirib ki, universitetdə dünyanın 32 ölkəsindən tələbələr təhsil alır və bu cür tədbirlər digər ölkələrlə münasibətləri daha da inkişaf etdirməyə və daha çox dost qazanmağa imkan verir.
Çıxışlardan sonra "ADA" Universitetinin tələbələrinin iştirakı ilə konsert keçirilib. Tələbələr tamaşaçılara öz ölkələrinin milli rəqslərini nümayiş etdiriblər.












