Bakı. 28 dekabr. REPORT.AZ/ Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu növbəti illik hesabatını yayıb. Hesabata əsasən, bu il Suriyada gedən döyüşlərdə 39 min nəfər qətlə yetirilib.
"Report" TRT-yə istinadən xəbər verir ki, ölənlərdən 32 min 507 nəfəri hökumət qüvvələri tərəfindən qətlə yetirilib. Onlardan 24 min 430-u mülki şəxs, 8077-si isə müxalifət silhalısıdır. Mülki şəxslərdən 3629-u uşaq, 3714 –ü isə qadındır.
Hesabat dövründə Suriyanın Raqqa, Deyr Azur və Hələb şəhərlərinə hücumlar həyata keçirmiş İŞİD terror tǝşkilatı 3557 nəfəri qətlə yetirib. Onlardan 132-si uşaq, 79-u qadın olmaqla 915-i mülki şəxs, 2642 nəfəri isə müxalifət döyüşçüsüdür. Eyni zamanda “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu olan “Nusra” qruplaşması 153 nəfərin həyatına son qoyub. Onlardan 18-i uşaq, 17-si qadın olmaqla 124-ü mülki şəxs, 29-u isə müxalifət silahlısıdır. Bildirilir ki, silahlı müxalifət qruplaşmaları yaşayış məskənlərini bombalamaqla kobud pozuntu hallarına yol verib. Bu da 291-i uşaq, 242-si qadın, 1-i isə jurnalist olmaqla 1183 mülki şəxsin ölümü ilə nəticələnib. Hesabata görə, sentyabrdan indiyədək “İŞİD”in Suriyadakı mövqelərinə hava zərbələri endirən beynəlxalq koalisiya qüvvələri 8-i uşaq, 6-sı qadın olmaqla 40 mülki şəxsin qətlinə səbəb olub.
BMT-nin statistikasına görə, ümumilikdə Suriyada gedən döyüşlərdə təqribən 200 min, müxalifətin statistikasına görə isə 300 mindən artıq şəxs qətlə yetirilib. Eyni zamanda 10 milyon nəfər qaçqın və məcburi köçkünə çevrilib.