Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyədə dünyanın ən qədim "smaylik"i aşkar olunub.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bir qrup türk və italyan arxeoloqları Qaziantep vilayətinin Karkamış şəhərində aparılan qazıntılar zamanı üzərində ən qədim gülümsəyən insan üzünün qrafik təsviri olan səhəng tapıblar.
"Bu mövsümün ən maraqlı tapıntılardan biri - üzərində "smaylik" olan səhəngdir. Tapıntı təxminən eramızdan əvvəl 1700-ci ilə aiddir və biz, yəqin ki, dünyada ən qədim "smaylik"i aşkar etmişik. Biz bilmirik, sənətkar hansı məqsədlə səhəngin üzərində bu rəmzi təsvir edib, amma biz onu təbəssüm adlandırırıq", - qrupun rəhbəri, Boloniya Universitetinin professoru Nikolo Marketti bildirib.
Onun sözlərinə görə, səhəng Qaziantep arxeologiya muzeyinə veriləcək.