Türkiyənin Sakarya əyalətinin Karasu rayonunun sakini Süleyman Dəmirçi adı Ginnesin “Rekordlar” kitabına düşmüş Azərbaycan əsilli Etibar Elçenin göstəricilərini qabaqlayıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Süleyman Dəmirçi hələ bir neçə il əvvəl təsadüfən dəmir əşyaların bədəninə yapışdığını hiss edib.
Qeyd edilir ki, onun bədəni müxtəlif dəmir əşyaları maqnit kimi özünə çəkir. Dəmirçi qeyri-adiliyi ilə vətəndaşların da diqqətini cəlb edib. Rayonun “ən cəlbedici adamı” adlandırılan Dəmirçi bədəninə bağladığı 50 qaşıqla adını Ginnesin "Rekordlar" kitabına yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneulinin rekordunu üstələyib.
Hələ 2014-cü ildə əlindən düşən alışqanın bədəninə yapışması nəticəsində orqanizminin xüsusiyyətini başa düşən Dəmirçinin bədəninə gümüş, qızıl, şüşə, daş, sikkə, metal qaşıqlar və digər müxtəlif əşyalar yapışır.
Xüsusiyyəti ilə görənləri təəccübləndirən Dəmirçi “təkcə metal əşyalar deyil, ağac, gümüş, daş nə varsa, hamısı bədənimə yapışır. Bir dəfə cəhd etdim, bədənimə 90 qaşıq yapışdı”, - deyə bidirib.
“Azərbaycan əsilli Etibar Elçe 50 qaşıqla “Rekordlar” kitabına düşüb. “Rekordlar” kitabının tərtibatçılarını Karasuya dəvət edirəm. Gəlsinlər, onlara əyani nümayiş etdirim. Çoxlu sürprizlərim var”, - deyib.
Xatırladaq ki, Azərbaycan əsilli Etibar Elçe 2011-ci ildə bədəninə yapışdırdığı 50 dəmir qaşıqla kanadalı Aaron Cayissiyenin 17 qaşıqlıq dünya rekordunu qırıb.