Sevgililərin Gürcüstandakı sığınacağı, məhəbbətə həsrət “sevgi şəhəri” – VİDEOREPORTAJ 

Sevgililərin Gürcüstandakı sığınacağı, məhəbbətə həsrət “sevgi şəhəri” – VİDEOREPORTAJ  Fevralın 14-ü dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da Sevgililər Günü kimi qəbul olunur. Qonşu ölkədə sevgililər bu günü qeyri-rəsmi, rəsmi formada isə aprelin 15-də qeyd edirlər. Bu tarix gürcüstanlıların təqviminə 1993-cü ildən milli “S
Maraqlı
14 Fevral , 2022 15:36
Sevgililərin Gürcüstandakı sığınacağı, məhəbbətə həsrət “sevgi şəhəri” – VİDEOREPORTAJ 

Fevralın 14-ü dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da Sevgililər Günü kimi qəbul olunur. Qonşu ölkədə sevgililər bu günü qeyri-rəsmi, rəsmi formada isə aprelin 15-də qeyd edirlər. Bu tarix gürcüstanlıların təqviminə 1993-cü ildən Milli Sevgililər Günü kimi daxil edilib. Gürcülər məhəbbət gününü ildə iki dəfə böyük məmnuniyyətlə bayram etmək ənənəsinə sadiq qalırlar.

Bu iki gündə yerli və əcnəbi sevgili cütlüklər ən çox “sevgi şəhəri” adlandırılan Siğnağiyə üz tuturlar. Romantik şəhər bu adına görə cütlüklərin saysız-hesabsız sevgi etirafları, evlilik təklifləri və nikahlarına şahidlik edib. Siğnaği əcnəbilərin belə istənilən vaxtda nikaha daxil ola biləcəyi “Nikah evin”nin olduğu şəhər kimi daha çox tanınır.

“Report”un yerli bürosunun əməkdaşları Müqəddəs Valentin günündə Siğnağini ziyarət edib və “sevgi şəhəri”ndən reportaj hazırlayıb.

Kaxeti bölgəsinin mirvarisi, alınmaz sığınacaq

Siğnaği Kaxeti bölgəsində, Alazan vadisinin üzərində dağın başında yerləşən şəhər tipli qəsəbədir. Şəhərin tarixi qədimdir, əsasını XVIII əsrdə çar II İrakli qoyub. Müdafiə məqsədilə şəhər ətrafında tikilən qala şəhəri alınmaz və əlçatmaz edib. Tarixi mənbələrə əsasən, şəhərin adı türk mənşəli “sığınacaq” sözündən götürülüb. Şəhərin həm qala divarları ilə əhatələnməsi və hündürlükdə olması, həm də adının sığınacaq sözü ilə həmahəngliyi də bunu təsdiqləyir.

2005-ci ildən şəhər ikinci həyatını yaşayır. Geniş miqyaslı quruculuq işləri nəticəsində Siğnaği Gürcüstanın turizm şəhərləri arasında öz layiqli yerini tuta bilib. Şəhər cazibədar mənzərələri ilə hər bir ziyarətçinin ürəyini fəth etmək sehrinə malikdir. Nağıl şəhər Alazan vadisinə açılan mənzərə, qala divarları, qədim tikililər, ensiz küçələr, eyvanları ilə Kaxetinin mirvarisinə çevrilib.

Siğnağinin “sevgi şəhəri” adlandırılması ilə bağlı bir neçə əfsanə var. Onlardan birinə görə, Siğnağinin Mirzaani kəndində anadan olmuş məşhur rəssam Niko Pirosmani (1862-1918) Tbilisiyə qastrol səfərinə gəlmiş fransız aktrisa Marqarite de Sevrə ilk baxışdan aşiq olur. Parisli xanımın al qızılgül xoşladığını bilən kasıb rəssam əmlaklarını satır və pulun hamısına güllər alır. Rusiya estradasının əfsanəsi Alla Puqaçovanın 1982-ci ildə ifa etdiyi məşhur “Milyon al qızılgül” mahnısında («Миллион алых роз») məhz bu cavabsız sevgi hekayəsindən bəhs edildiyi deyilir.

Sevgiyə həsrət şəhər

Koronavirus pandemiyasından öncə Siğnaği ilin hər fəslində canlı şəhər idi. Şəhərin küçələri ziyarətçilər, xüsusən də xarici turistlərlə dolu olardı. Ziyarətçilərin burada ən çox qarşılaşdıqları məşhur “Nikah evi”ndən çıxan yeni evlənənlər idi. Xoşbəxtlik saçan bəy-gəlin Siğnağiyə səfər edənlərin fotoaparatlarının yaddaşına köçürülən ziyarətin ən parlaq və yaddaqalan xatirəsinə çevrilirdi.

“Sevgi şəhəri”ni bizi isti, səmimiyyət, sevinc, gülüş və müsbət enerji dolu ab-hava ilə qarşılayacağı ümidləri ilə yollanmışdıq. Hava günəşsiz olsa da, şəhərin bizi sevgisi ilə günəş kimi isidəcəyini də gözləyirdik. Lakin təəssüflər ki, ümidlərimiz doğrulmur. Və səbəb yalnız qış deyil.

Siğnaği bizi boz tutqun havası, boş küçələri, ümidsiz və qaradinməz sakinləri ilə qarşılayır. Şəhər sanki sevgiyə həsrət qalıb, pandemiya bu gözəl hissi şəhərdən uzaq salıb. Sevgi saçmayan şəhər elə bil “müvəqqəti sevgisizliyə görə” ziyarətçilərindən üzr də istəyir. Vaxtilə sevgililərlə və təbəssümlü simalarla dolu şəhər dərin sükuta qərq olub. İndi onları qaşqabaqlı, üzügülməz sakinlər və nadir halda gözə dəyən tənha turistlər əvəzləyib. Mərkəzdə piştaxtalar üzərində olan və turistlər üçün hazırlanan suvenir əşyalar isə alıcıya həsrət qalıb, yoldan ötənlərə ümidlə “baxıb” hədiyyə kimi alınacaqları anı “gözləyirlər”.

Pasport, iki şahid, 51 lari pul, vəssəlam-şüttəmam

Şəhərin əsas simvolu olan “Nikah evi”nə üz tuturuq. İdarənin ətrafı kimi içərisi də boşdur. Deyəsən, son zamanlar elə qapıları da nadir hallarda açılır. Mühafizəçi və idarənin nümayəndəsinin bizi böyük təəccüblə qarşılaması bunu deməyə əsas verir.

Evin aparıcı mütəxəssisi Nino Baxturidze ilə həmsöhbət oluruq. Onun sözlərinə görə, 2007-ci ildən fəaliyyətdə olan “Nikah evi” Gürcüstan vətəndaşları ilə yanaşı, əcnəbilərə də xidmət göstərir: “Pandemiya səbəbindən iş saatına da dəyişiklik edilib. Əgər əvvəllər 24 saat ərzində xidmət göstərirdiksə, hazırda iş vaxtımız saat 10:00-dan 18:00-a qədərdir. Burada qış dövrü nikahın qeydiyyatı üçün ən passiv vaxtdır. Lakin nikah gününü məhz qış aylarına salan cütlüklər də az deyil. Daha fəal dövr yaz-yay aylarıdır”.

Pandemiyadan öncə yaz-yayda “Nikah evi”ndə gündə 10-15, soyuq fəsillərdə isə 2-3 nikahın rəsmiləşdirildiyi məlum olur. Nikahını Siğnağidə bağlayan əcnəbilər arasında Rusiya, Ukrayna, Azərbaycan və digər ölkə vətəndaşları çoxluq təşkil edir.

Mütəxəssis də qeyd edib ki, nikaha daxil olan əcnəbi cütlüklər arasında Azərbaycandan olanlara tez-tez rast gəlinir.

“Nikah evi” nikah haqqında şəhadətnaməni təqdim etməklə yanaşı, Gürcüstan dövlətinin adından gələcək həyat yoldaşlarına gürcü ədəbiyyatının ən dəyərli incisi olan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin olduğu kitabı hədiyyə edir. Nəfis nəşr cütlüklərə sevgi, sadiqlik və bərabərlik rəmzi kimi təqdim olunur.

N.Baxturidzedən nikah üçün prosedur və tələb olunan sənədlər barədə maraqlanırıq. O deyib ki, nikahın kəsilməsi üçün pasport, iki şahid və 51 lari (30 man) rüsum tələb olunur: “Nikaha daxil olmaq üçün öncədən növbəyə yazılmağa ehtiyac yoxdur. Əlamətdar günlərdə rəsmi nikah bağlayan cütlüklərə tez-tez rast gəlirik. Məsələn, bir çoxları məhz fevralın 14-də - Sevgililər Günündə nikaha daxil olmağa qərar verirlər”.

İdarə nümayəndəsi qeyd edib ki, “Nikah evi” həftənin bazar ertəsi və çərşənbə axşamı işləmir. Bu il fevralın 14-ü bazar ertəsinə təsadüf etdiyindən məhz həmin gün nikah bağlamaq istəyənlərin arzuları həyata keçə bilməyəcək.

Siğnağidən ümid ilə

Sevgi ilə qarşılaşmadığımız “sevgi şəhəri”nə səfərimizi yekunlaşdırırıq. Sözsüz ki, Gürcüstanın ən gözəl şəhərlərindən birini cansız məkan kimi yadda saxlamayacağıq. Göründüyü kimi, Siğnağini daha da gözəlləşdirən elə sevgi olub. Çünki məhəbbət ovsunlamağa qadir hissdir və ətrafına da rənglər qatır. COVID-19 pandemiyası “sevgi şəhəri”nin də düzənini dəyişib. Bəlkə elə insanların ətraf mühiti qavraması hissini də. Lakin adi gözlə də görünür ki, romantika və incəliklə assosiasiya olunan şəhər əvvəlki şöhrətini və sehrini itirib. Lakin hər şeyin yaxşı olacağına ümid heç zaman ölmür. Buna görə də Siğnağidən sevgi ilə deyil, ümid ilə ayrılırıq. Dünyanı, elə Siğnağini də sevgi xilas edəcək. Bir şərtlə ki, buna bəslənilən ümid heç vaxt kəsilməsin.

Son xəbərlər

Orphus sistemi