Bakı. 18 dekabr. REPORT.AZ/ Roma Papası Frantsisk tanınmış katolik rahibəsi, müqəddəs ana Kəlküttəli Terezanın möcüzələrini qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Papa bu qərarı özünün anadan olmasının 79 -cu ildönümüdə qəbul edib. Bununla 2003-cü ildən Kəlküttəli Terezanın müqəddəsləşməsinə maneə olan Roma katolik kilsəsinin qərarı aradan götürülüb.
Xəbərə əsasən, bir neçə gün öncə Vatikanın Müqəddəsləşmə üzrə Məclisi yekdiliklə beynində şiş olan 35 yaşlı braziliyalı qadının Tereza ananın duaları ilə sağalmasını möcüzə sayıb. Həkimlər həmin xanıma bu xəstəliyinin müalicə olunmadığını bildiribmiş.
"Əzab çəkən insana yardım etdiyi üçün" 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüş Tereza ananın müqəddəsləşməsi 2016-cı il sentyabrın 4-də, vəfatının 19-cu ili günü elan ediləcək.
Qeyd edək ki, Tereza ana (əsl adı Aneza Qonca Boyaciu) 1910-cu il avqustun 26-da Makedoniya Skopye şəhərində alban ailəsində anadan olub. Uşaqlıqdan rahibə olmağı arzulayan Tereza 18 yaşında İrlandiyaya gedərək, "İrland Loreto bacıları" Rahibə Ordeninə qoşulub. Qonca 1927-ci ildə müqəddəs elan edilmiş Lizadan olan rahibə Terezanın şərəfinə 1931-ci ildə adını dəyişib.
Orden onu Hindistana göndərib və o, 1948-ci ildə Kəlküttədə "Məhəbbət xeyriyyəçiləri bacılar" Rahibə Cəmiyyətini qurub. Hazırda bu qurumun 120 ölkədə 400 bölməsi və 700 xeyriyyəçi evi fəaliyyət göstərir.
Tereza ana 1997-ci ildə Kəlküttədə vəfat edib. 2003-cü ilin oktyabrında Roma-katolik kilsəsi onu mömin elan etmişdi.