Bir zamanlar narkobaron Pablo Eskobara məxsus olmuş “Porsche” avtomobili “Atlantis Motor Group” hərracında bir neçə milyon ABŞ dollarına satışa çıxarılıb.
“Report” xəbər verir ki, bununla bağlı informasiyanı “Lenta” portalı yayıb.
Söhbət buraxılış tarixi 1974-cü il olan sarı rəngli “Porsche 911 RSR” yarış avtomobilindən gedir. Qeyd edilir ki, bu modeldən yalnız 15 avtomobil xüsusi olaraq Beynəlxalq Çempionlar Yarışı (IROC) üçün istehsal olunub.
Avtomobilin ilkin qiyməti 2,2 milyon ABŞ dolları təşkil edib. Bəzi mətbu orqanlar bu məbləğin sonradan 163 milyon dollara qədər artdığını açıqlayıblar. Maşının yüksək qiyməti modelin tarixi dəyəri ilə izah olunur: onun hazırkı sahibi avtomobilin əslini təsdiq edən sənədləri verməyə hazırdır.
Nəşr bildirib ki, “Porsche” əvvəlcə braziliyalı idmançı Emerson Fittipaldiyə məxsus olub, amma sonra Eskobar onu alıb. Avtomobil Kolumbiyaya göndərilib və bu ölkədə müasirləşdirilib. Narkobaronun ölümündən sonra maşın yenidən ABŞ-a aparılıb və ilk görünüşü ona qaytarılıb.