Tanınmış jurnalist, yazıçı, ssenarist Orxan Fikrətoğlu “Danışaq” podkastının qonağı kimi “Global Media Group”un media direktoru Həmid Həmidovun suallarını cavablandırıb.
"Report" xəbər verir ki, müzakirələr Rusiya-Ukrayna müharibəsi, molla rejimi, təhsilin səviyyəsi, rus sektoru, jurnalistika, kulinariya və futbol ətrafında olub.
O.Fikrətoğlu rəhbərlik etdiyi Milli Kulinariya Mərkəzinin fəaliyyətindən danışaraq qeyd edib ki, bu sahə Azərbaycanda hələ tam inkişaf etməyib və dünyada təbliğ olunmağı çox vacibdir.
Jurnalist "Şamaxı" futbol klubunun İdarə Heyətinin üzvü kimi komandanın fəaliyyət istiqamətləri barədə məlumat verib.
O, həmçinin siyasi mövüzularda da sualları cavablandıraraq Ermənistanın xarici siyasəti, İrandakı vəziyyət, Rusiyanın Ukrayna ərazilərində keçiridiyi "referendumlar", Qərbin reaksiyası, müharibədən gözləntilər barədə fikirlərini bölüşüb. Jurnalist Nikol Paşinyanı “Azərbaycana ən böyük hədiyyə” adlandırıb.
O.Fikrətoğlu cahillik, nadanlıq, özünü tanımamaq və başqasından üstün bilmək, dövlət əvəzinə daha çox özünə və ailəsinə xidmət etməyi Azərbaycanın ən böyük problemləri adlandırıb.
Daha ətraflı podkastın “YouTube” səhifəsindəki yeni buraxılışında tanış ola bilərsiniz: