ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi tvitter hesabından Mars planetinin səthindən gələn və “Perseverance” roverinin “qırmızı planet”ə endikdən sonra qeydə aldığı səslərin səs yazısını yayımlayıb.
“Report” xəbər verir ki, səs yazısında, ehtimal ki, külək əsdiyindən sakit xırıltı və güclü uğultu eşitmək olur.
Xatırladaq ki, “Perseverance” planetoxodu fevralın 18-də Marsda Yezero kraterinə enib. Roverdən istifadə ilə “Mars 2020” missiyasının özü isə keçən ilin iyul ayında Yerdən başlayıb. NASA tarixindəki beşinci marsaxod “qırmızı planet”in quruluşunu və geologiyasını öyrənmək üçün yeddi elmi cihazla təchiz edilib.
Missiyanın əsas vəzifəsi sonradan Yerə çatdırılması gözlənilən Mars torpağından nümunələr toplamaq olacaq. “Perseverance” planetoxodunda həmçinin Mars atmosferindən oksigen əldə etmək üçün təcrübə cihazı, habelə ilk dəfə başqa planetdə uçmalı olacaq “kosmik helicopter” də var.