Bakı. 31 oktyabr. REPORT.AZ/ Pop səhnəsinin kralı Maykl Cekson mədəni irsi hətta dünyasını dəyişdikdən sonra gəlir gətirməkdə davam edən məşhurların illik reytinq siyahısına yenidən böyük fərqlə başçılıq edib.
“Report” xəbər verir ki, siyahı Amerikanın "Forbes" jurnalında dərc olunub.
Nəşrin yazdığına görə, 2009-cu ildə vəfat edən müğənni artıq ardıcıl beş ildir ki, belə siyahıda birinci yeri tutur.
Pop ulduzunun mirası, həmçinin mülkiyyətləri ilə bağlı aparılan əməliyyatlar ona 12 ay ərzində 75 milyon dollar gəlir gətirib.
Siyahıda ikinci yeri peşəkar qolfçu Arnold Palmer tutub. O, ötən ilin sentyabrında vəfat edib. İdmançının nəticəsi 40 milyon dollardır. Üçüncü yer 2000-ci ildə həyatdan köçən amerikalı karikaturaçı Çarlz Şultsa məxsusdur – 38 mln. dollar. Varlı mərhum ulduzlar dördlüyünü "rok-n-rol" kralı Elvis Presli qapayır. 1977-ci ildə həyatını itirən müğənni il ərzində 35 mln. dollar qazanıb.