Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kubada məscid tikilməsi ilə bağlı təklifinə Havananın Ankaradakı səfiri Alberto Qonzales Kasalsdan cavab gəlib.
Bu barədə "Report" "dogruhaber"ə istinadən xəbər verir.
Səfir Türkiyə telekanallarından birində aparıcının məsələyə dair sualını cavablandırarkən deyib ki, 11 milyonluq Kuba əhalisinin 5 mini müsəlmandır.
"2 il öncə Kubadakı müsəlmanlar bu məsələni qaldırmışdı. Biz dünyəvi ölkəyik. Bütün fərqli dinlərin tələblərini dəyərləndiririk. Müsəlmanların da məscidə sahib olmaq haqqı var. Türkiyə hökuməti Diyanət işlərinin vasitəsi ilə buna yardımçı olacaq. Bu, 2-3 ildir gündəlikdə olan bir məsələdir. Əsas olan Havanadakı insanların istəyidir. Uzun müddət haqqında düşündüyümüz məscid tikiləcək", - səfir bildirib.