Bakı. 27 mart. REPORT.AZ/ 530 il bundan əvvəl məşhur “Qızılgül müharibələrinin” sonunda öldürülmüş İngiltərə kralı 3-cü Richard Lester məbədində dəfn olunub.
"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, məşhur aktyor, həm də kralın uzaq qohumu Benedict Cumberbatch monarxa həsr olunmuş şeiri oxuyub.
3-cü Richard-ın sümükləri 2012-ci ildə Lesterdəki ictimai avtomobil parklarından birinin altında tapılmışdı. “Biz sənin sadiq qulun 3-cü Richard-ın sümüklərini onun məzarına tapşırırıq” – deyib İngiltərə kilsəsinin ruhani başçısı Kanteberri arxiyepiskopu. Məbəddə keçirilən dəfn mərasiminə ictimaiyyətdən püşk yolu ilə 200 nəfər buraxılıb.
Dəfn mərasimi şəhər meydanında qoyulmuş iri televiziya ekranında translyasiya edilib. Dəfnə gələnlərin arasında yazıçı Philippa Langley də olub. Kral 3-cü Richard-ın basdırıldığı yeri ilk dəfə o tapmış və arxeoloqlardan qazıntı aparılmasını xahiş etmişdi.
Dəfn mərasimi ziddiyyətsiz keçməyib. York ictimaiyyətinin nümayəndələri 3-cü Richardın məhz onun doğma şəhəri Yorkda dəfn olunmasını istəyirdilər. Onların 6 nümayəndəsi etiraz olaraq mərasimi tərk edib.