Həkim: “Nyu-York xəstəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər”

Həkim: “Nyu-York xəstəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər” Nyu-York xəstəxanalarının birində işləyən, adının çəkilməsini istəməyən reanimotoloq koronavirus ətrafında olan vəziyyətin bəzi gözəgörünməz məqamlarını açıqlayıb.
Maraqlı
3 Aprel , 2020 17:18
Həkim: “Nyu-York xəstəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər”
Reuters

Nyu-York xəstəxanalarının birində işləyən, adının çəkilməsini istəməyən reanimotoloq koronavirus ətrafında olan vəziyyətin bəzi gözəgörünməz məqamlarını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə yazı “Meduza” onlayn qəzetində dərc edilib.

O bildirib ki, pasiyentlərin artmasına baxmayaraq, vəziyyəti ağır olanların sayında artım müşahidə edilmir: “Əlimizdəki məlumatlara görə, vəziyyəti ağır olanların sayı azalıb. Nyu-Yorkda gündəlik çox böyük miqdarda testlər keçiririk. Görünən odur ki, ağciyərlərin süni ventilyasiyasına ehtiyacı olanların sayı artmır. Ancaq bu, hələlik bir neçə günün göstəricisidir”.

Reanimotoloq koronavirusa yoluxmuş həkimlərin işlərinə davam etdiyini də açıqlayıb: “Xəstə həkimlərin arasında həm vəziyyəti ağır olan, həm də,ümumiyyətlə, simptomsuz olanlar var. Bununla belə, biz bilmirik, bunlar xəstəxanada, yoxsa başqa yerdəmi yoluxublar. Simptomsuz həkimlər maska taxaraq fəaliyyətini davam edirlər. Ancaq bu, hər kəsin şəxsi seçimidir, imtina etmək də olar”.

Bundan başqa, həkim digər xəstəliklərlə bağlı xəstəxanaya müraciətlərin azaldığını da bildirib. Onun sözlərinə görə, pandemiyadan öncə reanimasiya müxtəlif xəstəliklərdən əziyyət çəkənlərlə dolu idi: "Bizim pasiyentimiz olmuş kontingent, yəni yaşlılar, qocalar evindən gələnlər indi koronavirusla bağlı müraciət edirlər. Bu o deməkdir ki, risk qrupu koronavirusa tamamilə düçar olub”.

Qeyd edək ki, ABŞ-da qeydə alınmış koronavirus hallarının sayı 245 000-ə çatıb. Ölkədə ümumilikdə 6 000-dən çox insan pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 034 000-i ötüb. Bunların 220 023 nəfəri sağalıb, 54 463 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi