Bakı. 12 noyabr. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsi yüzlərlə istifadəçisinin səhifəsində "bu əkkauntun sahibi ölüb" qeydini yerləşdirməklə səhvən onların ölümü barədə məlumat yayıb.
"Report" xəbər verir ki, bu barədə "Gizmodo" onlayn-portalı məlumat yayıb.
Məlumata görə, bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində "Facebook"un onların barələrində ölüm xəbəri yerləşdirdiyini müşahidə edə biliblər. Bu səhv, hətta sosial şəbəkənin yaradıcısı olan Mark Zukerberqdən də yan keçməyib. Onun da şəxsi səhifəsində vəfat etməsi barədə məlumat ortaya çıxıb.
"Facebook" rəsmiləri artıq baş verənlərlə bağlı istifadəçilərdən üzr istəyib.
"Bu dəhşətli səhv idi, biz onu düzəltdik", - deyə sosial şəbəkə rəsmilərinin yaydığı məlumatda bildirilir.
"Facebook" sosial şəbəkəsinin orta aylıq auditoriyası bütün dünya üzrə 1,7 mlrd. istifadəsi təşkil edir.