Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır

Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədi ilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.
Maliyyə
3 May , 2019 12:20
Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır

Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədi ilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.

“Report” xəbər verir ki, bununla bağlı mayın 3-də Vergilər Nazirliyində brifinq keçirilib. 

Brifinqdə Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.

Bildirilib ki, bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq və vergi orqanları ilə münasibətllərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

Qeyd olunub ki, vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələrini müəyyən edən “Vergi Ombudsmanı haqqında Əsasnamə” təsdiq edilib. 

Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.

E.Məmmədov bildirib ki, Vergilər Nazilriyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına da böyük təsir göstərəcəkdir.

Brifinqdə həmçinin vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır..

E.Məmmədov bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

Son xəbərlər

Orphus sistemi