Yuxarı

​Üç ölkə Azərbaycanla ikitərəfli sığorta sazişi imzalamayıb - YENİLƏNİB

Azərbaycan Yaşıl Kart sığortası çərçivəsində 43 ölkə ilə ikitərəfli saziş imzalayıb

İlk xəbər saat 10:46-da verilib

Bakı. 1 mart. REPORT.AZ/ İsrail, Rusiya və Belarus "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində Azərbaycanla ikitərəfli sazişi hələ də imzalamayıb. "Report"un əldə etdiyi məlumata görə, Azərbaycanla bu müqaviləni imzalayan sonuncu ölkə İngiltərə olub.

Ümumilikdə, Azərbaycan "Yaşıl Kart" sığortası çərçivəsində 43 ölkə ilə ikitərəfli saziş imzalayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabrın 7-də tələb olunan sənədləri imzalayaraq "Yaşıl Kart" sisteminin Bürolar Şurasına və tərəfdaş ölkələrdə yerləşən bürolara göndərib.

Əlavə edək ki, "Yaşıl Kart" sistemində ümumilikdə 48 ölkə üzrə 47 büro fəaliyyət göstərir ki, Lixtenşteyn və İsveçrə bir bürodan sistemə qoşulub.

***

İcbari Sığorta Bürosundan (İSB) "Report"a verilən məlumata görə, Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə "Yaşıl Kart" sistemi üzrə bu ilin aprelin 1-dən fəaliyyətə başlayacaq. Bu qərar İSB-nin "Yaşıl Kart" sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından fevralın 26-da aldığı məktubda qeyd edilib.

Həmin tarixədək tərəflər "Yaşıl Kart"ların mövcudluğuna və etibarlılığına nəzarət edən ölkədaxili aidiyyəti qurumlara və sərhəd-keçid məntəqələrinə bu barədə məlumat verməlidir.

Aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran, Moldova, Ukrayna, Andorra, Albaniya və Mərakeşə avtonəqliyyat vasitəsi ilə səyahət edərkən "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən "Yaşıl Kart"ları ala bilərlər. Eyni zamanda, qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən "Yaşıl Kart"ları əldə edə bilərlər.

Rusiya, Belarus və İsrailin "Yaşıl Kart" büroları İSB ilə ikitərəfli sazişləri imzalamadığı üçün Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri bu ölkələrə səyahət etdikdə həmin ölkələrdə etibarlı olan Azərbaycan "Yaşıl Kart"larını əldə edə bilməyəcəklər və nəticə etibarilə həmin ölkələrə daxil olarkən bu ölkələrin sərhəd sığorta müqavilələrini almalıdırlar.

Eynilə, həmin ölkələrdə qeydiyyatdan keçən nəqliyyat vasitələrinə münasibətdə Azərbaycanda etibarlı olan "Yaşıl Kartlar"ın rəsmiləşdirilməsi mümkün olmadığına görə, bu nəqliyyat vasitələri Azərbaycana daxil olarkən "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulmuş sərhəd sığorta müqaviləsini bağlamalı olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi