Yuxarı

Türkiyə Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Dövlət Gömrük Komitəsinin sədri nümayəndə heyətini qəbul edib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşavir müavini Rəmzi Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətini qəbul edən DGK sədri Aydın Əliyev iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə daim yüksək səviyyədə olduğunu, münasibətlərin formalaşmasında gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə toxunan Komitə sədri bu əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsinin vacib olduğunu bildirib. A.Əliyev Türkiyə gömrük xidmətinin risklərin təhlili sahəsində əldə etdiyi təcrübənin nümunə olduğunu və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin Azərbaycana fayda verəcəyini diqqətə çatdırıb.

Türkiyəli qonaq R.Akçin isə gömrük işinin təşkilində proqram təminatı sahəsində Azərbaycanın təcrübəsi ilə tanış olmaq və bu təcrübədən faydalanmaq istədiklərini qeyd edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Hədəf Mərkəzində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə, həmçinin DGK-nin hospitalı ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi