​"Rəvan Sığorta" icbari sığorta bazarına daxil olacaq

​"Rəvan Sığorta" icbari sığorta bazarına daxil olacaq Bu barədə şirkətin İdarə Heyətinin sədri Fərhad Aslanov məlumat verib
Maliyyə
8 Avqust , 2016 10:48
​Rəvan Sığorta icbari sığorta bazarına daxil olacaq

Bakı. 8 avqust. REPORT.AZ/ "Rəvan Sığorta" ASC İcbari Sığorta Bürosunun (İSB) üzvü olmağı planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Şirkətin İdarə Heyətinin sədri Fərhad Aslanov məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar könüllü sığorta növlərindən, o cümlədən avtokreditlərin məhdudlaşması hesabına kasko sığortasından daxilolmalar əhəmiyyətli dərəcədə azalıb. Odur ki, rəhbərlik etdiyi şirkət icbari sığorta bazarına daxil olmağa hazırlaşır: "Yəgin ki, bu ilin sonuna qədər İSB-yə üzvlük üçün müraciət edəcəyik. İlkin olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına başlamaq istəyirik".

"Rəvan Sığorta" İSB-yə üzv olmaq üçün 200 min manat məbləğində üzvlük haqqı ödəməli, avtomobillərin icbari sığortasına başlamaq üçün isə Büronun hesabına 200 min manat birdəfəlik depozit qoymalıdır. F.Aslanovun sözlərinə görə, bunun üçün Şirkətin kapitalının artırılmasına ehtiyac olmayacaq: "Bu ilin II rübünün yekununa görə, kapitalımız təxminən 9 mln. manatdır. Yəni, İSB-yə ödəyəcəyimiz 400 min manat elə də böyük məbləğ deyil".

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən reberendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi