Yuxarı
    Bağlamaq

    "Rabitəbank"ın "AGBank"ı almasının maliyyə əsasları - YENİLƏNİB 4

    Danışıqların bu ilin sonuna qədər yekunlaşacağı gözlənilir

    İlk xəbər 11 avqust saat 16:42-də verilib

    Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC "AGBank" ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə "Report"a "Rabitəbank"dakı mənbələrdən məlumat verilib.

    Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.

    Qeyd edək ki, "AGBank" ASC 1992-ci ildə, "Rabitəbank" ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.

    *** 16:52 (11 avqust)

    "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev "Report"a açıqlamasında hansısa bankın alınması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini və ötən gün bununla bağlı yerli KİV-də yayılan məlumatı tezliklə rəsmi şəkildə təkzib edəcəklərini deyib: "Ümumiyyətlə, bankın alınması ilə bağlı müzakirə yoxdur".

    *** 18:52 (11 avqust)

    "AGBank"ın İdarə Heyətinin sədrinin müavini Əfqan Cəlilovun sözlərinə görə, adıçəkilən bankın əsas səhmdarları olaraq Beynəlxalq Maliyyə Korporasiyası, "Kazimir Investment Limited" və fiziki şəxslər - Çingiz Əsədullayev, Fərzulla Yusifov olduğu kimi qalırlar. Mövcud səhmdarların hər hansı bir satış planları yoxdur. Bankın başqa bir qurum tərəfindən alınması haqqında verilən məlumat heç bir mənbəyə əsaslanmayan şayiədir", - deyə "AGBank" ASC-dən daxil olan rəsmi məlumatda bildirilir.

    *** 10:00 (12 avqust)

    Xatırladaq ki, bu ilin mart ayında "Fitch" beynəlxalq reytinq agentliyi "AGBank" ASC-nin uzunmüddətli xarici valyuta reytinqini yenidən "B-" səviyyəsində təsdiq etsə də, reytinq üzrə dayanıqlığı "stabil"dən "neqativ"ə dəyişib.

    "Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən zəifləyən Azərbaycan bank sektoru və bu ilin fevralında baş verən manatın 34%-lik devalvasiyası Banka ciddi təsir edib. "AGBank" fevral ayında kapitalın adekvatlığı tələbnaməsinə riayət etməyib. Ötən ilin sonunda "AGBank"da açıq valyuta mövqeyinin kapitala nisbəti 87% olub. Nəticədə, "AGBank" devalvasiya nəticəsində 10 mln. manat (məcmu kapitalın 19%-i) zərər çəkib. "Fitch"in hesablamalarına əsasən, Bankın kapital adekvatlığı 8%-dən aşağı düşüb (hazırkı tələbnamə 12%-dir).

    Qeyd edək ki, "AGBank"da aktivlərin mənfəətliliyi (ROA, 2014-cü ilin sonuna) 0,5% olub. Bankın depozit cəlb etməsinə baxmayaraq, vəsaitlərini tam olaraq yerləşdirə bilməyib. Nəticədə, faiz itkisi və əmanətlərin dollara konvertasiyasından yaranan risklər artıb.

    Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar, "AGBank" ASC artıq iki rübdür ki, "Report" agentliyinin renkinqlərlə bağlı sorğusunu cavablandırmır və əsas maliyyə göstəricilərini geniş ictimaiyyətə təqdim etmir.

    *** 14:17 (12 avqust)

    Qeyd edək ki, "Rabitəbank" ASC 2015-ci ilin ilk rübünün yekununda aktivlərinə (322,325 mln. manat) görə Azərbaycandakı banklar arasında 15-ci sırada olub. Bankın kredit portfeli aprelin 1-nə 231,644 mln. manat təşkil edib ki, bunun da 23%-i (53,280 mln. manat) xarici valyutada olub. Bankın vaxtı keçmiş kreditləri 11,114 mln. manat və ya məcmu kreditlərin 4,8%-ni, depozit portfeli 212,495 mln. manat təşkil edib və bunun 103,305 mln. manatı və ya 48,6%-i xarici valyutada olub. Yəni, xarici valyutada depozitə sahib olan "Rabitəbank" bunun təxminən yarısını xarici valyutada kreditlərə ayırıb. Yəni, Bankın bu iki göstəricinin fərqinin 34% devalvasiyası qədər valyuta zərəri olub.

    Bununla yanaşı, ilk rübün sonuna "Rabitəbank"ın ROA əmsalı 0,3, ROE əmsalı isə 2,06 təşkil edib. Bankın öhdəliklərinin strukturunda depozitlərin xüsusi çəkisi 76%-dən artıqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi