Prezident: "QDTİB Azərbaycandakı regional infrastruktur layihələrində daha geniş iştirak etməyi strateji hədəf hesab edir" - MÜSAHİBƏ

Prezident: "QDTİB Azərbaycandakı regional infrastruktur layihələrində daha geniş iştirak etməyi strateji hədəf hesab edir" - MÜSAHİBƏ Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitriy Pankinin Reporta müsahibəsi
Maliyyə
13 Noyabr , 2019 11:01
Prezident: QDTİB Azərbaycandakı regional infrastruktur layihələrində daha geniş iştirak etməyi strateji hədəf hesab edir - MÜSAHİBƏ

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitriy Pankinin "Report"a müsahibəsi

Dünya bazarlarındakı mövcud vəziyyəti QDTİB-in fəaliyyətinə təsirini necə qiymətləndirirsiniz? Hazırda regiondakı fəaliyyətinizi genişləndirə bilirsinizmi?

- Dünyadakı vəziyyətin inkişaf istiqamətinə proqnoz vermək getdikcə çətinləşir. Ticarət ixtilaflarının artması və sərmayə axınlarının zəifləməsi ilə iqtisadi artım sürətinin azalmasını görürük. Qara dəniz regionunda da artım üçün daha çox xarici risklər mövcuddur, çünki üzv ölkələrimizin hökumətləri iqtisadiyyatın dayanıqlı olmasını təmin etmək, daxili bazarı qorumaq istiqamətində bəzən xeyli çətin tədbirlər görüblər. Bankımıza gəlincə, sadaladığım mənfi xarici amillərə baxmayaraq, son vaxtlar layihə zərfimizi xeyli dərəcədə artıra bilmişik. Bu da regionun bütün ölkələrində məhsullarımıza olan böyük tələbatın nəticəsidir.

Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafını necə dəyərləndirirsiniz, ölkədə həyata keçirilən islahatlara dair hansı tövsiyələri verərdiniz?

- Son bir neçə ildir Azərbaycan iqtisadiyyatının artım sürəti, ələlxüsus 2014-cü ilədək olan dövrlə müqayisədə aşağı olaraq qalır. Bununla belə, ölkəniz fikrimizcə, neft qiymətinin kəskin azalmasından dərhal sonra hökumətin gördüyü tədbirlər sayəsində yaxşı makroiqtisadi sabitlik göstərir. İslahatların birinci dalğası ölkədə işgüzar mühitin xeyli yaxşılaşmasına səbəb olub ki, bu da sahibkarlıq fəaliyyətinin şərtlərini əks etdirən “Doing Business” hesabatında Azərbaycanın reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Büdcənin həm də xarici hesablaşmalarla bağlı tarazlaşdırılması ilə islahatların sürəti bir qədər aşağı düşdü. İslahatların konkret iqtisadi nəticələri, xüsusilə Azərbaycan, yaxud Rusiya kimi zəngin təbii sərvətlərə malik ölkələrdə özünü bir müddət sonra büruzə verir. İqtisadi artımın sürətlənməsi, müvəffəqiyyətin ən bariz göstəricisi olacaq işgüzar mühitin daha da yaxşılaşması naminə başlanmış islahatların davam etməsi zəruridir. Hökumətin də bunun üçün zəruri siyasi iradə nümayiş etdiyini görürük.

Bu il QDTİB Azərbaycana dair 2022-ci ilədək olan dövrü əhatə edəcək yeni strategiyasını təsdiq edib. Həmin strategiya hökumətin xarici borc almaqla bağlı yeni siyasətinə nə dərəcədə uyğun gəlir? Azərbaycanla əməkdaşlığı hansı yeni sahələri QDTİB-in gündəmindədir? 

- Azərbaycana dair ölkə strategiyası QDTİB Direktorlar Şurasında müzakirə olunaraq birincilər sırasında qəbul edilmişdi. Bəlkə xəbərdarsınız, bankımızın 2019-2022-ci illər üçün yeni ortamüddətli strategiyası üzv ölkələrdə infrastruktur layihələrinə daha çox maliyyə yönəltməyi nəzərdə tutur. İnfrastruktur layihələri mahiyyətinə görə daha çox dövlət şirkətləri tərəfindən həyata keçirilir. Digər tərəfdən, Azərbaycanın xarici borclanma strategiyası da dövlət sektoru üzərindəki borc yükünü azaltmağa yönəlib. Bu, heç də dövlətin artıq kredit almayacağı demək deyil. Azərbaycan bundan sonra da infrastruktura sərmayə qoyacaq və bu məsələdə bizə müraciət olunarsa, bankımız iştirak etməkdə maraqlı olacaq.

Lakin dövlət borclarının azalmasına yönələn strategiyanı nəzərə alaraq bizim Azərbaycana dair ölkə strategiyamız daha çox özəl sektordakı əməliyyatlara yönəlir. Belə ki, milli öncüllüklər sırasında olan enerji və enerji səmərəsi, qeyri-neft sektorunda ixracat yönümlü istehsalat, kənd təsərrüfatı kimi daha çox inkişaf vəd edən sahələrə sərmayələr öncül əhəmiyyət daşıyacaq. Bu gün Azərbaycanın ÜDM-dəki payı hələ də nisbətən kiçik olan zəifləmiş bank sektoru üçün də maliyyəmizin mühüm əhəmiyyət daşıyacağına ümidvarıq. Xüsusilə sponsorları kommersiya banklarından kredit ala bilmədikləri layihələrə dair təklifləri məmnuniyyətlə araşdırarıq.

Daha əvvəl yeni strategiyanızda ölkə sərmayə zərfini dəfələrlə artırmağın da nəzərdə tutulduğunu demişdiniz. Konkret hansı məbləğ nəzərdə tutulur? Azərbaycana texniki yardımı artırmaq gündəmdədirmi?

- QDTİB-in Azərbaycandakı zərfini artırmaqla bağlı qəbul etdiyimiz hədəflər 2022-ci ilin sonunadək əlavə olaraq 300 milyon avroyadək (hazırkı zərfin həcmi 106,5 milyon avrodur) maliyyə buraxmağı əhatə edir. Bu hədəflər, əlbəttə, bazarın bizim məhsullara həqiqi tələbatına uyğun və zərfin bütün üzv ölkələrə dair zəruri tarazlığını gözləməklə icra olunmalıdır.

Məlum olduğu kimi, hazırda QDTİB Azərbaycanda elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıq istehsalı, ticarət maliyyəsinə dəstək kimi sahələrdə bir sıra layihələr hazırlayır. Bu layihələrin hazırlanması nə yerdədir, özəl, yoxsa dövlət sektoru ilə həyata keçiriləcəklər?

- Həqiqətən də sadaladığınız sahələrdə Azərbaycandan daha çox özəl şirkətlərdən ibarət olan potensial müştərilərdən kreditlə bağlı aldığımız müraciətlər üzərində işləyirik. Layihə sənədləri mərhəl-mərhələ razılaşdırılır. Hazırlıq və təsdiqin bütün mərhələlərini uğurla keçən layihələrin 2020-ci ildən başlayaraq maliyyələşdirilməsi nəzərdə tutulur.

QDTİB SOCAR-ın ticarət maliyyəsi üçün 50 milyon dollar vəsait ayırıb. Bu şirkət üçün yeni kreditlər nəzərdə tutulurmu?

- QDTİB Rusiyadan İzmirdəki “Star” neftayırma müəssisəsinə neft tədarükü üçün “SOCAR Trading” şirkətinə ticarət maliyyəsi vermişdi. Bankımız həmçinin SOCAR-ın “Turkey Energy” törəmə şirkəti ilə də çalışır. Biz Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan SOCAR-a yeni maliyyəyə dair müraciətləri nəzərdən keçirməyə hazırıq.

Son xəbərlər

Orphus sistemi