Yuxarı

​Proqnoz: Dollar və qızıl bahalaşacaq

Saxo Bank: Avropada iqtisadi artım zəifləyəcək

Bakı. 2 iyul. REPORT.AZ/ "Saxo Bank" Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artırması tarixinin hər an baş verə biləcəyini bildirib. Bankın ekspertlərinin fikrincə, proses çərçivəsində ən önəmli sual FES rəhbəri Canet Yellenin faizləri bir dəfə, yoxsa silsilə şəklində artıracağı ilə bağlıdır. Onlayn aktivlərin ticarəti və investisiyalar üzrə ekspert bank kimi tanınan "Saxo Bank" hesab edir ki, ABŞ-da hazırkı iqtisadi şərait FES-in uçot dərəcəsini yüksəltməyə əsas təşkil etməsə də, təəssüf doğuracaq bu qərar hər an həyata keçirilə bilər.

"Report" xəbər verir ki, "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsenin fikrincə, FES-in faiz dərəcələrini artırmaqla bağlı perspektivləri III rübün ən mühüm bazar hadisəsidir. S.Yakobsen faiz artımının bu il ərzində bir dəfə olacağını proqnozlaşdırır və bu halda dolların zəifləyəcəyini düşünür. Faiz artımının nəticəsi olaraq isə yenicə iqtisadi artımı sürətlənməyə başlayan ABŞ iqtisadiyyatı "beşikdəcə boğulacaq". O, faizlərin yüksəlməsi nəticəsində artacaq kapital və istehsalat xərclərinin birləşməsi səbəbi ilə Avropada iqtisadi artımının yavaşlayacağını, ABŞ-da isə neytral olacağını ehtimal edir. "Gəlir və inflyasiyanın aşağı olduğu uzun bir dövrün son mərhələsinə daxil oluruq. Ancaq hər iki göstəricidəki artım aldadıcı ola bilər. Belə ki, əsas proseslər 2016-cı ildə başlayacaq", - deyə bank rəsmisi bildirib.

Ekspert hesab edir ki, OPEC-in hasilatı artırması və ABŞ-da neft ehtiyatlarının artması neftin qiymətini aşağı salacaq. ABŞ-da faiz dərəcələrinin artımı isə qızıl bazarında alış üçün yaxşı imkanlar yarada bilər. Nəticədə, qızıl 1 275 dollar/unsiya səviyyəsinə qədər bahalaşa bilər. Qeyd edək ki, proqnozlar bank tərəfindən 2015-ci ilin III rübü üçün verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi