Yuxarı

"Pasha Bank"ın reytinqi yaxın bir ildə azaldıla bilər

Standard & Poor's agentliyi Bankın reytinqinin artırılmasını mümkün saymır

Bakı. 18 fevral. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Pasha Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "BB-", qısamüddətli kredit reytinqini isə "B" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz isə "neqativ" qalıb. 

"Report" xəbər verir ki, "S&P" agentliyi Bankın qiymətləndirməsini yanvarın 29-da Azərbaycanın suveren reytinqinin "BBB/A-3"-dən "BB+/B" səviyyəsinə endirməsi ilə əsaslandırıb. Agentlik ayrıca, 2015-ci ildə manatın kəskin ucuzlaşması və 2016-cı ildə iqtisadi artımda zəif proqnoza əsaslanaraq Azərbaycanın bank sektorunun qiymətləndirilməsini qrup "8"-dən qrup "9"-a keçirib. Dəyişiklik, Agentliyin xüsusi Bank İndustriyası Ölkə Qiymətləndirməsi metodologiyası əsasında təqdim edilib.

"Pasha Bank" ASC-nin kredit reytinqinin təsdiqlənməsini "S&P" agentliyi onun güclü kapital "bufer"inə sahib olması, bank sektorunda önəmli yeri və lazım olarsa dövlətdən maliyyə dəstəyinin veriləcəyi ilə əsaslandırıb. Zəif reytinq səviyyəsi isə ümumiyyətlə, bankın kredit portfelinin pisləşməsi ehtimalları və problemli kreditlərin gələcək səviyyəsi ilə izah edilir.

"Pasha Bank" ASC-nin "neqativ" proqnozu ölkə üzrə iqtisadi mühitin qənaətbəxş olmaması ilə əlaqələndirilir və Bankın kapitalına mənfi təzyiqin davam edəcəyi bildirilir. Agentlik, Bankın aktivlərinin keyfiyyətinin pisləşəcəyi və problemli kreditlərin 20%-ə yüksələcəyi təqdirdə kredit reytinqinin yaxın 12 ay ərzində azalda biləcəyini qeyd edib. Həmçinin, reytinqin kapitalın adekvatlıq əmsalının 10%-dən aşağı düşməsi və bankın səhmdarları tərəfindən dəstəyin azaldılması şəraitində də azaldılması mümkündür.

Agentlik mövcud iqtisadi şəraitdə Bankın reytinqinin artırılmasını mümkün saymır və yalnız problemli kreditlərin səviyyəsi azalacağı halda proqnoz artırıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi