Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun bu il üçün investisiya porfeli 28,2 mlrd. manat proqnozlaşdırılır

Dövlət Neft Fondu 2015-ci ildə maksimum gəlirliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə prezident İlham Əliyev tərəfindən təsdiqlənən ARDNF-nin vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətlərində (proqramı) bildirilir. 2015-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 28,2 mlrd. manata bərabər götürülür.

Fondun investisiya portfelinin məcmu dəyərinin minimum 80%-ni borc öhdəlikləri və pul bazarı alətləri, maksimum 10%-ni səhm portfeli, maksimum 5%-ni daşınmaz əmlak və maksimum 5%-ni qızıl portfeli təşkil edir.

İnvestisiya portfelinin məcmu dəyərəi Neft Fondunun büdcəsində təsdiq edimiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.

Bildirək ki, Dövlət Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilib. ARDNF-nin investisiya portfelinin məcmu dəyərinin 50%-i dollarda, 35%-i avroda, 5%-i funt sterlinqdə ifadə olunan aktivlərə, qalan 10%-i isə "ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə ediməsi haqqında Qaydalar"da nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Qeyd edək ki, prezident İlham Əliyev Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla Fondun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Fərmanla "ARDNF-nin vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)" və "ARDNF-nin 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası" da təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi