Nazir: "Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdləri ilə qarşılaşırıq"

Nazir: "Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdləri ilə qarşılaşırıq" Bakı. 9 oktyabr. REPORT.AZ/ Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.
Maliyyə
9 Oktyabr , 2018 22:33
Nazir: Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdləri ilə qarşılaşırıq
Mikayıl Cabbarov / Report

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür".

"Report" xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb: "Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb".

Nazir qeyd edib ki, Prezident İlham Əliyev vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub: "Bunlardan ən önəmlisi, sahibkarlıq fəaliyyətinin şəffaflığı problemidir. Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.

Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır.

Sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergiödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır".

Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib: "İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.

2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur".

Son xəbərlər

Orphus sistemi